First slide
“Zeynəb Xanlarova oturduğu yerin mahiyyətini dərk etmir”

"Bundan əvvəlki parlamentdə köhnə formasiyanın, sovet dövrünün adamları, parlament işi ilə dərindən əlaqəsi olmayan, qanunvericilik orqanında çalışmaq üçün lazimi keyfiyyətlərə malik olmayan adamlar çox idi. Məsələn, 83 yaşlı Zeynəb Xanlarova".

"Yeni Sabah" bildirir ki, bunu “Unikal” qəzetinə müsahibə verən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Növbəti parlamentin ümumi görüntüsü çoxmu dəyişəcək?" sualını cavablandırarkən deyib. 

"Mən onu gözümü açandan bəri parlamentdə görmüşəm. Həm də mənim doğulduğum Tərtər rayonundan deputat idi. Sovet dönəmində də Tərtər rayonundan seçilmişdi. Bunu bir nümunə kimi deyirəm, bu adamın bir dəfə nitqində nə isə siyasi xarakterli fikir işlətdiyinin şahidi olmamışam. Həmişə də deyir ki, mən siyasətlə məşğul olmuram. Bu adam oturduğu yerin mahiyyətini belə dərk etməmişdi. İndi isə səsi uzaq Amerikadan gəlir. Yəni, bu tipli adamlar, parlamentin prinsiplərinə yad olan şəxslər yeni tərkibdə olmamalıdırlar. Əgər islahat gedirsə, yenilik olursa, belə adamlar yeni tərkibdə olmamalıdır. Köhnə tərkibdə xeyli problemlər var idi. Parlamentin palitrasına baxanda adamı dəhşət bürüyürdü. Biznesmenlər, hansısa vəzifə sahibləri, tikinti maqnatları və digər bu tipli adamlar parlamentə toplanmışdılar və bu da qanunverici hakimiyyətin nüfuzuna xələl gətirirdi. Sanki parlamentdəki bir sıra maraqlı personajlar qaleriyası idi. Düşünürəm ki, indi keçiriləcək seçkilərdən sonra formalaşacaq parlament, əvvəlkindən ciddi surətdə fərqlənəcək. Ola bilsin ki, bu parlamentin də bir sıra nöqsanları olsun , amma bu parlament dəyişən dünyaya uyğunlaşan və zamanla ayaqlaşan bir parlament olacaq".


 


21.12.2019 11:23
0