First slide
Yeni nazirə MÜRACİƏT EDİLDİ: “Küçə musiqilərini Azərbaycan efirlərindən YIĞIŞDIRIN!“

“Mən bir sənətçi kimi mədəniyyət sahəsində dəyişikliklər olmasının tərəfdarıyam. Köksüz, küçə musiqiləri yığışdırılmalıdır, təbliğ olunmamalıdır”.

Bu sözləri Yenisabah.az-a müğənni Nadir Qafarzadə deyib. Sənətçi efirlərdə keyfiyyətli musiqinin təqdim olunmasının tərəfdarı olduğunu deyib:

 “Mən demirəm ki, bu gün hər kəs simfonik əsərlərə, orkestrlara, operettalara qulaq assın, amma  bizim mahnı janrında da musiqilərimiz var. Sovet dövründə o bəstəkarlar yetişmişdi, böyük əsərlər yazılırdı. Lakin bu gün bizdə bəstəkar kasadlığı var. Bəlkə də istedadlı bəstəkarlar yenə var, amma onları üzə çıxarmırıq, tanıtmırıq. Bu gün insanların əksəriyyəti daha çox sosial şəbəkələrdə olurlar orada çox şeyi görürlər.  Bir milləti musiqisi, mədəniyyəti ilə tanıyırlar, əgər musiqi bərbad halda olarsa, xarici ölkə vətəndaşları bizim haqqımızda düzgün fikirdə olmayacaqlar. Deyəcəklər ki, sizin musiqiniz budursa, özünüz nə halda olacaqsınız? O üzdən ciddi şəkildə dəyişikliklərə ehtiyac var, mən Mədəniyyət Nazirinə müraciət edirəm ki, bu haqda bir ölçü götürsünlər, efirlərə qadağalar tətbiq olunsun, küçə musiqiləri efirlərdən yığışdırılsın. Sosial şəbəkələrdə nə edirlər etsinlər, onsuz da ömür boyu tör-töküntülər olub, amma bu gün efirlərimiz, radiolarımız keyfiyyətli musiqi, ifaçıları təqdim etməlidirlər. Niyə mən efirlərdən zəng gələndə min bir bəhanə ilə imtina etməliyəm? Çünki efirə gedirsən, səninlə yanaşı hansısa bir küçə musiqisini təbliğ edən ifaçını yan-yana oturdurlar. Bu da mənə xoş deyil, ona görə ki, mənim oxuduğum daha keyfiyyətli musiqidir, yaxşı aranjeman olunub və peşəkarcasına hazırlanıb. Onlar isə bilmirəm musiqiləri haralarda yazırlar, sintezatorla oxuyurlar”.

Müğənni yeni təyin olunan Mədəniyyət Naziri Anar Kərimovdan mədəniyyət sahəsində köklü dəyişiklər etməsini istəyib:

“Mən digər ölkələrə baxıram, müqayisələr edirəm, onlar səhnədə çox keyfiyyətli musiqilər təqdim edirlər, bir mahnıya xeyli sərmaye qoyurlar. Artıq sintezator ritmlərindən çıxmaq lazımdır, canlı musiqi alətlərindən istifadə olunmalıdır, yaxşı musiqiçilər mahnını təqdim etməlidir. Bir bu sahədə çox təəssüflər olsun ki, xeyli geridəyk və bizdən gələcək nəsillərə nə qalacaq bilmirəm... Amma  hələ də o kefyiyyətli musiqiləri yaşadanlar var, məsələn, Teymur Əmrah, mən özüm. Mən çox vaxt retro mahnılarımıza yenidən nəfəs verirəm, qoymuram onlar itib-batsın. Yaxşı ifaçılar var ki, keçmiş musiqiləri yeni aranjemanda gənc nəsilə çatdırırlar. Mütləq deyil ki, o mahnıları olduğu kimi təqdim edək, çünki zəmanə, insanlar dəyişir, qulaq başqa bir şey eşitmək istəyir. Retro mahnını yeni aranjemanda, başqa bir stildə yenidən təqdim etmək olar. Necə ki, mən “O Sənli Günlərim” mahnısını oxumuşdum, ora saz əlavə etmişdik, sanki Şərqlə Qərbi birləşdirmişdik. Həmin mahnı çox sevildi. Bax, bu məsələləri mən  mədəniyyət nazirindən çox rica edərdim. Bundan qabaq nə olubsa, olub, Anar müəllim belə şeylərə diqqət etsin, haqsızlıq, ədalətsizlik olmasın. Layiqli ifaçılar layiqincə qiymətləndirilsin, mən bunu həm özüm, həm də digər həmkarlarım haqqında deyirəm. Hər kəsə olduğu qədər qiymət verilməlidir, çünki insanlar illərdir bu yolda can qoyur, əziyyət çəkir, əmək sərf edirlər və onlar bunun bəhrəsini görməlidir. İstərdim ki, gələcəkdə bizim işğaldan azad olunmuş bölgələrimizdə musiqi məktəbləri açılsın, orada milli musiqi ilə yanaşı, Avropa musiqisi də tədris olunsun, bəstəkarlıq məktəbi açılsın. Gənc nəsilə peşəkar musiqini öyrənmək üçün şərait yaradılsın. İstərdim ki, Şuşanın özündə “Xarıbülbül”, “Beynəlxalq Şuşa festivalı”, Caz festivalları keçirilsin. Necə ki, “Eurovision” keçirilir, biz də Şuşada belə bir müsabiqə təşkil edək, bütün dünya ölkələrindən ora gəlsin. Mən Anar Kərimova bu işdə güc və səbr arzulayıram. Mən inanıram ki, o, bu işlərin öhdəsindən gələ biləcək. Əgər onu bu kürsüyə layiq görüblərsə deməli, onda potensial var. İnanıram ki, hər şey yaxşı olacaq. Azərbaycan musiqisini yüksəltmək lazımdır”.

N.Qafarzadə son vaxtlar ciddi müzakirələrə səbəb olan fəxri adlar məsələsinə də toxunub:

“Fəxri ad məsələsi Sovet dövründən qalmadır. Ancaq Sovetlər birliyində - Rusiyada, Ukraynada, Özbəkistanda hələ də fəxri adlar qalıb. Məsələn, Türkiyədə “Devlet Sanatçısı” deyilən qavram var, o da çox azdır. Siz heç eşitmisinizmi ki, Türkiyənin Xalq artisti Tarkan, Ajda Pekkan, Ebru Gündeş, İbrahim Tatlısəs deyilsin? Belə bir şey yoxdur, ona görə mən düşünürəm ki, əgər adlar verilirsə ədalətli verilsin. Bu günə qədər kimlər alıbsa, babalı öz boynuna, amma bundan sonra  ya yığışdırsınlar, ya da layiq olanlar alsın. Mənim özümün böyük xidmətlərim olub, biləsiniz ki, mən yeganə ifaçılardanam ki, heç bir dövlət tədbirinə, xalq üçün təşkil olunan konsertlərə qonorarla getməmişəm. Hansı ki, onlara pul ayrılırdı, lakin mən heç vaxt bunu tələb etməmişəm, düşünmüşəm ki, mən xalqın sənətçisiyəm, bunu etməliyəm, heç bir təmənna istəməmişəm, vətəndaş olaraq bunu özümə borc bilmişəm. Bilirsiniz, bunun müqabilində insan istər-istəməz nə isə umur. Sənin əməyin, əziyyətin qiymətləndirilsin istəyirsən. Mən bu günə kimi saçımın tükü qədər tədbirlərdə iştirak etmişəm, konsert salonları doldurmuşam, böyük əsərlərə müraciət edib, orkestrla ifa etmişəm. Yəni bunlar yetmirmi? Bəlkə də əvvəllər fəxri ad üçün kimsə nəsə verib, tapşırılıb və s. Mən babal yumaq istəmirəm, göz şahidi olmamışam, amma deyiləınlərə görə, kimsə tapşırılıb, kimsə pul verib, “day-dayı” var imiş... Yenə də halal xoşları, özləri bilər. Amma bundan sonra gəlin ədalətli yanaşaq. Harada ki, ədalət var, orada da ruzi-bərəkət var, çalışaq heç kimin haqqına girməyək. Hər kəs öz haqqını alsın. Mən demirəm ad almayanlar yaddan çıxacaq, xeyr. Elə fəxri ad alanlar var ki, xalq heç onları tanımır, Azərbaycan musiqisində heç bir əhəmiyyəti, zəhməti olmayıb”.

21.01.2021 23:55
145
Loading...