First slide
“Tələbat kəskin artıb, Azərbaycana da göndərmişik…”

Çini bürümüş və daha onlarla ölkəyə yayılmış koronavirus epidemiyası ilə bağlı qoruyucu tibbi maskaya da tələbat artıb.

Virtualaz.org Bakının apteklərində tibbi maskalara tələbatın kəskin artdığını yazmışdı, hərçənd hazırda şəhərin küçələrində “maskalılara” çox az rast gəlinir. Türkiyədə isə qoruyucu maskalar da daxil olmaqla tibbi ləvazimatlar satan firmanın sahibi Cengiz Karabulut anbarlarda malın sürətlə tükəndiyini deyir.

“Türkiyə bazarında çox böyük tələbat var, istərsə Çin, istərsə digər ölkələrdə insanlar koronavirusdan qorunmaq üçün maskalar alırlar və nəticədə tələbat hər gün artır”,-Karabulut jurnalistlərə bildirib.

Firma sahibi deyir ki, hələlik Türkiyədə bu virusun qeydə alınmadığı bildirilir, amma insanlar ehtiyat üçün qoruyucu maska alırlar. “Çində insanlar çətin durumdadır və onların tələbatını qarşılamaq üçün müəyyən qədər mal göndərdik. Bir qədər də Azərbaycan üçün göndərdik, əlimizdəki bütün malı daxili bazara verdik”,-o bildirir.

Cengiz Karabulut deyir ki, qoruyucu maskaların çox fərqli çeşidləri var. Bura N95 tipli filtrli maskalar, adi maskalar, ikiqat, üçqat maskalar daxildir. “Qiymətlər də fərqlidir. Bəzi mallar Almaniyada istehsal edilir və ölkəmizə idxal olunur. Bəziləri Türkiyənin özündə istehsal olunur, Çindən alınanları da var. Parçasının eninə, qalınlığına, filtrinə görə qiymətləri dəyişir. Adi maskaların bir qutusu ajiotajdan əvvəl 2 TL idi, indi isə 10 TL-yə qədər artıb. N95 maskaları isə 7-10 TL-yə satılırdı, indi 30-40 TL-yə qədər qiymət artımı var. Bu cür ifrat bahalaşmaya yol verməmək lazımdır”,-o əlavə edib.

Karabulut bildirib ki, Çindən onlara böyük miqdarda maska sifarişləri gəlir. Nəticədə Çindən bir müddət əvvəl aldıqları maskaları həmin ölkəyə geri satmalı olublar.


02.02.2020 21:17
76
Loading...