First slide
Sülhməramlılardan növbəti qalmaqal: “Avo” əvəzinə “Hitler” olsa necə olardı? - VİDEO

Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları növbəti qalmaqala imza atıb.

Öhdəliklərinə düşən vəzifələrin icrasında daha çox ermənilərə xidmətlə gündəmə gələn sülhməramlılar növbəti dəfə “humanitar aksiyaya” töhfə veriblər.

Əslində üzdə olan mənzərə heç də tənqid olunası sayılmaya da bilər, sülhməramlılar məktəblilər üçün geyim paylayır. Bunu anlayışla qarşılamaq mümkündür, çünki Azərbaycan dövləti və xalqı humanizm prinsiplərini hər zaman üstün tutub.

Ancaq məsələnin əsl mahiyyəti məhz yardım aparılan binanın girişində üzə çıxır. Girişə nəzər saldıqdan sonra digər heç bir addımın əhəmiyyəti qalmır.

Ermənilər Xocavəndin Qarakənd kəndində yerləşən məktəbə (yardım aparılan məktəb) Monte Melkonyanın adını veriblər. Hansısa terrorçunu tərənnüm etmək, onu qəhrəmanlaşdırmaq, milli “dəyər”ə çevirmək ermənilər üçün adi haldır. Ancaq beynəlxalq hüquqa istinad edən heç bir dövlət, qurum və təşkilat üçün eyni sözləri demək olmaz.

Melkonyanın kim olması barədə xatırlatma (sülhməramlılara):

Monte Melkonyan - Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştrak edib. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum təşkil edib. Həmin ilin noyabrında Fransa polisi onu həbs edib. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törətmiş və sonda Fransa hökuməti Melkonyanı Livana deportasiya etməyə məcbur olub.

Bir müddət sonra Fransaya qayıdan terrorçu 1983-cü ildə Parisdəki Orli hava limanında, “Türk hava yolları” şirkətinin kassaları qarşısında partlayış təşkil edir. Nəticədə 8 nəfər həlak olur, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alır. 1985-ci ildə o Fransa polisi tərəfindən yenidən həbs olunmuş və teror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilir.

Vaxtından əvvəl azadlığa çıxan terrorçu 1990-cı ildə Ermənistana gəlir və Azərbaycanın Qarabağına yollanır. Tabeliyindəkı 4000 hərbçi ilə o zamankı Şaumyan (Goranboy), Martuni (Xocavənd) və Kəlbəcər, Laçın, Ağdam istiqamətlərində Azərbaycana qarşı vuruşur. O, azərbaycanlı dinc əhaliyə qarşı amansız qırğınlarda iştirak edir.

Bu gün isə Rusiya sülhməramlıları məhz bu terrorçunun adını daşıyan bir məktəbdə “humanist” addımla gündəmə gəlir. Ortaya bir çox suallar çıxır, hətta bu “gözdən yayınan” amilin təxribat olması ehtimalı da istisna sayılmamalıdır.

Çünki Rusiya sülhməramlıları bəlkə də, Avonun (terrorçunun ləqəbi) kim olduğunu bilmir, ancaq onları həmin məkana gətirən ermənilər mütləq şəkildə Monte Melkonyanın kimliyinə bələddir və bu amilin Azərbaycan üçün qəbuledilməz olduğunu yaxşı bilirlər.

Ancaq burada sülhməramlıların günahsız olduğunu söyləmək də mümkün deyil. Hər halda binanın girişində “Adolf Hitler” və ya “Mussolini” adını görən heç bir rusiyalı hərbçi həmin binaya daxil olmaz və bunu bəh-bəhlə çəkib öz rəsmi saytında “humanizm” kimi qələmə verməyə cürət etməzdi.

Demək ki, sülhməramlılar bu qalmaqalda da birbaşa məsuliyyət daşıyır. Terrorun dini, milliyəti olmur. Dinc əhaliyə qarşı divan tutan terrorçu, bir çox günahsız insanın qanını tökən cəllad dünyanın hər yerində hər kəs üçün eynidir.

Ona görə də Rusiya sülhməramlıları atdıqları addıma diqqət etməlidir. Erməni təxribatına alət olsalar belə, bu ilk növbədə onların öz günahıdır. Əgər onlar xidmət etdikləri regionun tarixindən, həqiqətlərindən bixəbərdirlərsə, o zaman bu işlə məşğul olmasınlar. Başqa bir iş tapsınlar, məsələn, elə uzun müddətdir ermənilərin yolunda canfəşanlıqla icra etdikləri kuryer xidmətinə yönəlsinlər. Bu onlarda sülhməramlı missiyadan daha yaxşı alınır…

Nəyə görə sülhməramlı kontingentin içərisində ən aşağı rütbəlisindən tutmuş komandanlığına qədər bircə nəfərin ağlına gəlmir ki, Monte Melkonyanın kim olduğunu öyrənsin? Əgər öyrənməyiblərsə, kim iddia edə bilər ki, sülhməramlılar erməni təbliğatının alətinə çevrilməyib?

Suallar həqiqətən çoxdur və cavab verilməsi getdikcə çətinləşir. Bütün bunlara səbəb isə sülhməramlıların yarıtmaz, səriştəsiz fəaliyyətidir. Əgər sülhməramlı kontingent bu ada layiq davranmırsa, onlara bu adın müvəqqəti olduğunu da xatırlatmaq yerinə düşər.

Ancaq burada olduqları müddətdə kimin torpağında olduqlarını unutmamalı və Azərbaycan xalqının həssaslığına qeyd-şərtsiz hörmət etməlidirlər.

İstənilən halda ehtiyatlı olmaq onların özlərinə xeyir gətirəcək. Çünki bu gün Melkonyan yazılan lövhədə ermənilər sabah “Hitler” yazsalar və sülhməramlılar bunun da “fərqinə varmasalar”, o zaman vədəsi çatanda qayıdacaqları yerdə də onları qəbul edən heç kim tapılmayacaq… Hər halda Avonu tanımasalar da, Rusiyada hər kəs ikincini yaxşı tanıyır…

Odur ki, sülhməramlılar ehtiyatlı olsun. Erməni təxribatı onların təkcə missiyasını deyil, həm də gələcəyini kölgə altında qoya bilər…

18.11.2021 19:54
7197
Loading...