First slide
SON DƏQİQƏ - İlham Əliyev bu dövlət qurumunu ləğv etdi

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib və onun əsasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.

Fərmanda hər üç quruma müvafiq olaraq əsasnamələrinin, strukturlarının və ali zabit heyəti vəzifələrinin siyahılarının layihələrini, habelə hərbi qulluqçuları və işçilərinin say həddi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Həmçinin Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müvafiq əsasnamələri təsdiq edilənədək Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə”də müvafiq hissələrdə nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etmək barədə tapşırıq verilib.

Nazirlər Kabinetinə isə “Azərbaycan Respublikasının Milli Qvardiyasının statusu haqqında” Qanun layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

16.03.2020 18:48
2556

Loading...