First slide
Quzanlıda ilk yardım təlimləri başladı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sentyabrın 22-də Quzanlı qəsəbəsində ilk yardım üzrə təlimlərə başlanılıb.  

Təlimlərə yerli sakinlər və məcburi köçkünlər cəlb ediliblər. AzQAC-ın və BQXK-nın lazımi avadanlıq və materiallarla təmin etdiyi təlimləri yüksək ixtisaslı təlimçilər aparırlar. Təlim proqramına ilk yardım və onun əsas prinsipləri, ilkin test, şəxsi təhlükəsizlik və hadisə yerinin qiymətləndirilməsi, zərərçəkmişin müayinəsi və bərpası, yanıqlar zamanı ilk yardım üzrə praktiki vərdişlərin nümayişi daxildir. İlk yardımın məqsədi zərərgörənin həyatını xilas etmək, ağrılarını yüngülləşdirmək və vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün adi və zəruri tibbi tədbirlərin görülməsidir. Həyat göstərir ki, ilk tibbi yardım göstərilməsini tələb edən vəziyyət qəfildən, vaxt çatışmazlığı və əksər hallarda tibb təhsilli adamların olmadığı bir şəraitdə yaranır. Hər saniyənin qiymətli olduğu belə vəziyyətlərdə hadisə yerindəki adamlar vahiməyə düşmədən tez və qətiyyətli hərəkət etməlidirlər.

Qeyd edək ki, Dövlət Komitəsi ötən ilin aprel və sentyabr aylarında Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisində, hazırda Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində ilk yardım göstərilməsi üzrə təlim təşkil edib. Bu cür təlimlərin həm maarifləndirici, həm də praktiki məşğələlərdən təşkil olunması, eləcə təlimlərdə iştirak etmiş vətəndaşlar tərəfindən müsbət qarşılanması baxımından gələcəkdə digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

Təlimlər sentyabrın 25-dək davam edəcək.


23.09.2020 15:52
335

Loading...