First slide
Mahir Emreli: "Meydanda eqoist deyiləm"

"Legiya"ya keçmək çətin qərar oldu. Çünki karyeramın böyük hissəsi Azərbaycanla bağlı idi. Amma uşaq vaxtı başqa ölkədə yaşamağın ləzzətini dadmışdım. Sonra bir neçə ay Fransanın "Lans" klubunda məşq etmək fürsəti tapdım".

Bu fikirləri Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli yerli mətbuata müsahibəsində Varşava təmsilçisinə keçidi barədə danışarkən deyib.

24 yaşlı hücumçu bildirib ki, bir neçəil "Qarabağ"da çıxış etdikdən sonra özünü fərqli ölkədə sınamaq vaxtı çatmışdı: "Bu şansı qazanmaq üçün çox çalışdım. Bunun asan başa gəldiyini deyə bilmərəm. Amma fərqli bir şey sınamağın vaxtı yetişmişdi".

Forvard "Qarabağ"da daha çox məvacib almasına və müntəzəm olaraq avrokuboklarda çıxış etməsinə baxmayaraq, "Legiya"nı seçməsinin səbəbini açıqlayıb: "Bu, mənim hobbimdir (gülür). Bilirsiniz ki, Ekstraklasada çıxış edən futbolçuların Avropanın aparıcı liqalarına keçmək şansı daha böyükdür. Bu istiqamətdə getməyə qərar verdim. Eyni zamanda, meydanda həmişə eqoistlikdən çəkinməyə çalışan bir oyunçuyam. Daha çox komanda oyununa üstünlük verirəm. "Legiya"ya kömək edə biləcəyimə inanıram".

Emreli yeni mövsümdə 15 - 18 qol vurmaq istədiyini söyləyib: "Əvvəlcə çempionat və buradakı oyun üslubu ilə tanış olmalıyam. Əsas hədəfim 15 - 18 qol vurmaqdır. Bu, yaxşı başlanğıc nöqtəsi olardı. Əlbəttə ki, qolların mümkün qədər çox olacağına ümid edirəm. Digər tərəfdən, bilirəm ki, bunlar sadəcə rəqəmlərdir. Ön planda titul və avrokuboklarda uğurlu iştirak dayanır. Komandanın uğuru mənim uğurum olacaq".

Futbolçu ən sevdiyi məşğuliyyətlərdən də söz açıb: "İlk növbədə ailəmlə vaxt keçirməyi xoşlayıram. Həmçinin yatmağı sevirəm. Bundan başqa, yaxşı yerlər, yeməklər və restoranlar hər zaman diqqətimi çəkib. Hələ Varşavanı tam olaraq tanımıram. Amma görməli yerlərini gəzmək istərdim. Bakıda tez-tez dostlarımla futzal oynayırdım. Futbolu həqiqətən sevirəm".

08.07.2021 10:42
4108
Loading...