First slide
Gecikdirilmiş 90 min manat işçilərə ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin birinci yarımilində vətəndaş müraciətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 90 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirlikdən verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Qeyd olunan vəsait əmək haqları, işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənişlərdən ibarət olub.

Yanvar-iyun aylarında 15 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar Əmək Məcəlləsinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.

16.07.2021 11:29
6501
Loading...