First slide
Bu şəxslərə Yeni ilə görə 100 manat yardım olunacaq - 7,6 milyon manat ayrıldı

Sərəncam bütün ünvanlı sosial yardım alan əhaliyə şamil olunur

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin 23 dekabr tarixli sərəncamı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bu ilin 30 dekabr tarixində ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılır. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon manat ayrılması nəzərdə tutulur. Sərəncamın 2019-cu il 30 dekabr tarixinə 73 minədək ailəni (290 minə yaxın ailə üzvü) əhatə edəcəyi gözlənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, nazirlik tərəfindən birdəfəlik yardım ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürüləcək:

"Onlar birdəfəlik yardımı (100 manat) ünvanlı dövlət sosial yardımını aldıqları plastik ödəniş kartları vasitəsilə alacaqlar. Aztəminatlı ailələrə göstərilən birdəfəlik yardım onların bayram ərəfəsində maddi təminatlarına bir dəstək olacaq”.

Qeyd edək ki, prezidentin bu sərəncamı cəmiyyətdə böyük sevinclə qarşılanıb. Lakin bəziləri bu sərəncamın bütün sosial yardım alan ailələrə şamil olunun-olunmaması ilə bağlı suallar ünvanlayıb. Məsələ ilə bağlı iqtisadçı ekspert Pərviz Heydər "Yeni Müsavat”a danışıb:

"Sərəncamda da qeyd olunduğu kimi, bu bütün ünvanlı sosial yardım alan əhaliyə şamil olunur. Fərmanın özündə bu məsələ dəqiqliklə göstərilib. Hətta neçə nəfərə şamil edildiyi də artıq məlumdur. Çoxsaylı suallara cavab olaraq bildirim ki, bu vəsait birdəfəlik ödənilən vəsaitdir. Bəziləri elə anlayır ki, bu müəyyən müddətlərdə verilə bilər. Ünvanlı sosial yardım alan ailələr, sadəcə, bayramlarla bağlı olaraq birdəfəlik xarakter daşıyan yardım alacaq. Bu da prezident tərəfindən həmin ailələrə bir bayram hədiyyəsidir”.

26.12.2019 14:23
6431

Loading...