First slide
Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka DOLLAR TAPDI: "Elə bildik ermənidən qalıb..."
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda ittiham olunan Bakı şəhər sakini 36 yaşlı Ceyhun Balayev və Quba rayon sakini 40 yaşlı Ramin Əliməmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Panoram.az virtualaz-a istinadən xəbər verir ki, oğurluq hadisəsi ötən il avqustun 10-da Binəqədi rayonu ərazisində baş verib.
İttihama görə, Ceyhun Balayev bacanağı Ramin Məmmədovla birgə paytaxtın Azadlıq prospekti, ev 196, mənzil 158 ünvanında təmir işləri aparıblar. Eyvandakı taxta dolabı söküb döşəmədən ayırdıqdan sonra mərtəbələr arası boşluq hissədən bir mərtəbə aşağıda yerləşən mənzilə daxil olublar. Mənzilin eyvanındakı taxta dolabın üst rəfindən Rusiya vətəndaşı Elxan Tarverdiyevə məxsus, içərisində 250 min dollar (425 min manat) olan, skoçla bağlanmış plastik çantanı ələ keçiriblər.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsi tərəfindən barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Ceyhun Babayev ifadəsində günəmuzd fəhləlik etməklə ailəsini dolandırdığını, tanışı Elşən Zamanovun ona və bacanağı Ramin Əliməmmədova mənzillərdə, tikinti yerlərində fəhlə işləri verdiyini deyib. Sonuncu dəfə bacanağı ilə birgə gündəlik 15 manata söküntü işləri aparıblar: "Mənzilin binanın həyətinə baxan eyvanında sovet vaxtından qalma şkafı sökəndə döşəmənin altındakı boşluq hissədə çemodana oxşar qutu tapdıq. Qutunun üstü yapışqan lentlə bağlanmışdı, içərisində 25 paçka (hərəsində 10 min dollar olmaqla) dollar var idi. Pulu Raminlə yarıbayarı böldük”.

C.Balayev payına düşən puldan paytaxtın "Xalqlar Dostluğu” ərazisindən özünə 110 min manata 3 otaqlı mənzil, 20 min manatına isə avtomobil alıb.
İstintaq zamanı ziddiyyətli ifadələr verən C.Balayev mənzildən 250 deyil, 150 min dollar tapdıqlarını, oğurluq etmədiklərin deyib.

Təqsirləndirilən Ramin Əliməmmədov da anoloji ifadə verib. Bacanağından geri qalmayan R.Əliməmmədov da payına düşən puldan özünə "Xalqlar Dostluğu” ərazisindən mənzil və avtomobil alıb. Yerdə qalan pulun bir qismini isə Quba rayonunun İqriq kəndindəki ata evində saxlayıb. Ailə üzvlərinə isə pulları lotereyadan qazandığını deyib : "Söküntü işləri gördüyümüz mənzildən bir mərtəbə aşağıdan pul oğurlamağımız haqda Elşən Zamanova bildirmədik. Həmin pulların hesabına özümə yaxşı şərait yaratdım. Evdəkilərə dedim ki, loterayada 140 min manat udmuşam”.

Zərərçəkmiş Elxan Tarverdiyev ifadəsində Rusiyada bizneslə məşğul olduğunu, oğurluq edilən mənzildə 25 ildir ki, daimi yaşayış olmadığını deyib: "Ötən ilin martında 250 min dolları saxlamaq üçün evə gətirib səliqəli şəkildə qutuya yığdım. Üstü nəm götürməsin deyə skoçla bağladım, eyvandakı divar şkafının üst tərəfinə yerləşdirdim. Pulu ora qoyanda tavan tam şəkildə bağlı idi”.

Ötən ilin sentyabr ayında bina üzrə istilik sisteminin dəyişdirilməsi xəbərini alan E.Tarverdiyev pulları saxladığı mənzilə gəlib. Dəhlizə keçəndə yuxarı mənzildən evə su axdığını və döşəmədə su izləri qaldığını görüb. Bu səbəbdən üst mərtəbədəki mənzilə qalxıb. Qonşu mənzildə təmir işləri getdiyini görən E.Tarverdiyev mətbəxi və eyvanı gəzərək suyun haradan axması ilə maraqlanıb. Bu zaman eyvandakı şkafın döşəməsinin söküldüyün görüb: "Şübhələnib tez öz mənzilimə düşdüm. Pulları qoyduğum şkafa baxdım, tapmadım. Yenidən üst mərtəbəyə qalxıb ustalardan həmin şkafın yerini sökən fəhlələrin kim olduqlarını soruşdum...”

Qonşu mənzildə təmir işləri gördürən şəxsin Elşən Zamanovun olduğunu öyrənən E.Tarverdiyev onu öz evinə çağırıb. E.Zamanov ona mənzildə Ceyhun və Ramin adlı fəhlələr işlədiyini, şkafı da onların sökdüklərini deyib. Zərərçəkmiş E.Zamanova "zəng vur onlara deynən, əmanəti qaytarsınlar, mən də şikayət etməyim” deyib. E.Zamanov C.Balayevə zəng vurduqda sonuncu "biz heç nə götürməmişik, pul-zad görməmişik” cavabı verib.

Bundan sonra E.Tarverdiyev mənzilindən oğurluq edilməsi faktı ilə bağlı polisə müraciət edib.
Təqsirləndirilən şəxslər ilkin dindirilmə zamanı və və istintaq dövründə ziddiyyətli ifadələr veriblər. Onlar elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər. Oğurluq etmədiklərini, işlədikləri mənzildən pul tapdıqlarını, tapdıqları pulu bir ay saxladıqlarını, sahibini gözlədiklərini, pulun uzun illər öncə ermənilər tərəfindən qoyulub getdiyini təxmin edərək götürdüklərini , heç bir cinayət törətmədiklərini bildiriblər.

Əlbətdə, fəhlə işlədikləri evin döşəməsini dəlib aşağıdakı mənzildən xəzinə tapan və asan yolla güzəranlarını yaxşılaşdıran bu adamların dediklərinə nə müstəntiqlər, nə zərərçəkən inanmayıb. İndi onları oğurluq ittihamı ilə cəza gözləyir, 250 min dolların sahibinə geri qaytarılmasının necə mümkün olacağı isə hələ bəlli deyil.
01.03.2021 11:13
1933
Loading...