First slide
Bakıda akustik çirklənməyə səbəb olan sürücülərin DİQQƏTİNƏ - Ciddi yoxlamalar başlayır

Dünyanın bir çox böyük şəhərlərində olduğu kimi Azərbaycan paytaxtında da akustik çirklənmənin yüksək səviyyəsi müşahidə olunur: BMT-nin məlumatlarına əsasən son 10-15 ildə böyük şəhərlərdə küy çirklənməsi 1,5 dəfə artıb və bir çox hallarda verilən normalardan dəfələrlə artıqdır. 

Əsasən nəqliyyat vasitəsi ilə yaranan texnogen xarakterli küy Bakı sakinləri üçün ciddi narahatlıq, bir sıra hallarda isə əhalinin sağlamlığı üçün təhlükə yaradır. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərinin akustik çirklənmə səviyyəsini ölçmək və Bakının akustik xəritəsini tərtib etmək üçün bu il müvafiq avadanlıq alması və monitorinqə başlaması gözlənilir.

Bəs Bakıda akustik çirklənməni azaldılması tələblərini müəyyən edən ən qabaqcıl beynəlxalq iş mexanizmləri və standartları nələrdir? Bunun üçün qanunvericilikdə nələrə yenidən baxılmalıdır? Xüsusilə, ilk mərhələdə xəstəxana, təhsil müəssisələri və s. rayonlarında azaldılmış küy göstəriciləri olan zonalar yaratmaq necə mümkün ola bilər? Beynəlxalq təcrübədə bu necə reallaşır? Hazırda səs siqnalları ilə bağlı hansı cərimələr var və bu cərimələrin sayı, yaxud məbləği artırıla bilərmi?

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan E. Muradlı Azərbaycanda bununla bağlı hazırkı durumu belə şərh edib:

“Bilirsiniz, uzun illərdir ki, biz bu barədə danışırıq. Ətraf mühtin çirklənməsində avtomobillərin rolu böyükdür. Azərbaycanda mövcud olan 1 milyon 400 min avtomobilin 600-700 mini Bakı şəhərində cəmləşir və yaxud da hər hansı formada Bakıya daxil olur və ya çıxır. Bu baxımdan onların yaratdığı səs də ətraf mühitə təsir göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparan zaman atmosferə atılan zəhərli qazların 60-70 faizini avtomobillərin təşkil etdiyi bildirilib. Eyni zamanda burada səs və akustika məsələsi də mövcuddur. 

Ətraf mühitin çirkləndirilməsinə görə cərimələr tətbiq olunsa da, səslə bağlı cərimə tətbiq olunmur. Ancaq ümumən səs siqnalların normaları mövcuddur. Bununla bağlı normativ hüquqi aktlar var. Məsələn, qeyd olunub ki, səs 80 dB-dən artıq olmamalıdır. Amma bu gün “Baku Bus” avtobuslarının siqnal səslərinə baxsaq, görərik ki, siqnallar çox güclüdür, hətta yük avtomobillərinin, böyük şəhərlərarası avtobusların siqnal səsləri çoxdur və s.”

O, Bakıda quraşdırılan əs udan qurğulardan da danışıb:

“Bakının bəzi yerlərində səs udan qurğular quraşdırıblar. Məsələn, kənar dairəvi yolda Yeni Yasamal istiqamətində qurğuların quraşdırıldığını görürük. Amma bu qurğuların nə dərəcə də effektiv olduğunu yalnız mütəxəssislər aşkarlaya bilər.  Həmçinin bunlardan Heydər Əliyev prospektində, Ziya Bünyadov prospektində, Aeroport şossesində də var”.

Ekspert həmçinin xüsusilə, xəstəxana, təhsil müəssisələri və s. kimi yerlərdə azaldılmış küy göstəriciləri olan zonaları yaratmağın mümkünlüyündən də söhbət açıb:

“Əslində yaratmaq olar. Dünya ölkələrində bu təcrübə var. Azəbaycanda da bunun edilməsi müəyyən effekt verə bilər. Ancaq bir məsələdə var ki, sürücülər qayda-qanunla avtomobili idarə etsələr, lüzumsuz yerə səs siqnalından istifadə etməsələr, heç o problemlər özünü qabarıq şəkildə özünü göstərməz. Çox təəssüf ki, bizdə salamlaşmanı, sağollaşmanı belə siqnalla verirlər. Qanunvericilikdə isə səs siqnallarından yalnız iki situasiyada istifadə etmək olar: Yaşayış məntəqələrində yol-nəqliyyat hadisələrindən yayınmaq vasitəsilə, yaşayış məntəqələrində, kənarda isə ötmə zamanı istifadə oluna bilər. 

Məntiqlə bu iki haldan əlavə səs siqnallarını səsləndirən sürücülərə cərimə yazmaq olar. Mövcud qanuna görə də bu, mümkündür. Amma deyək ki, 100 avtomobilin eyni istiqamətdə getdiyi yolda siqnalın hansı maşında səsləndiyini müəyyən etmək çətindir. İndi telefonda danışan sürücü belə telefonla danışdığını belə qəbul etmir”. 

Azərbaycan Milli Elmlər Akademiyanın İnformasiya Texnologiya İnstitutunun şöbə müdiri Bikəs Ağayev “APA-Economics”ə deyib ki, hazırda müəyyən obyektlərin akustik küy çirklənməsindən mühafizə məqsədilə təkliflər verilib. 

“Misal olaraq hava limanının yaxınlığında yerləşən yaşayış əraziləri qeyd etmək olar. Burada küy çirklənməsi normadan 3 dəfəyə yaxın çoxdur. Yəni əgər norma 55 dB civarında olmalıdırsa, bu ərazidə təyyarə havaya qalxdıqda küy 130 dB-dən artıq təşkil edir. Bu isə əhaliyə mənfi təsir edir”.

İnstitutun şöbə müdiri əlavə edib ki, bu sahədə müvafiq standartların qəbul olunmasına və mövcud qanunvericiliyin yenidən baxılmasına zərurət var.

“Dünya praktikasında beynəlxalq işlək mexanizmlər, standartlar var ki, onlar küy çirklənməsinin azaldılmasına dair tələblər müəyyən edir. Məsələn, xəstəxana tipli obyektlərin yaxınlığında küy çirklənməsinin azaldılması. Burada müxtəlif üsulların tətbiqi ilə küy çirklənməsini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Və yaxud gecə küyünə aid beynəlxalq standartlar var ki, gecə saatlarında küy 25-30 dB. keçməməlidir. Qeyd edim ki, akustik küyə dair Avropada 500-ə yaxın təlimat və standart mövcuddur. Azərbaycanda isə təxminən 40 yaxın Rusiya standartları istifadə olunur ki, onları mükəmməl saymaq olmaz”.


17.01.2020 13:07
3