First slide
Azərbaycanla Gürcüstan sərhədində yenindən gərginlik yarandı

Gürcüstan mediası Azərbaycan Respublikası ilə dövlət sərhədinin yaxınlığında Gürcüstan ərazisində silahlı insedentin baş verməsi ilə bağlı məlumat yayıb.

Vəziyyəti aydınlaşdırmaq üçün virtualaz.org Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə müraciət edib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verildi ki, bu gün saat 12:40 radələrində Gürcüstanın sərhəd polisinin Çitelexide sahəsi üzrə sərhəd nümayəndəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin rəisi ilə əlaqə saxlayaraq, “Keşikçi Qala” sərhəd zastavasının xidməti ərazisinin müqabilində - Gürcüstan ərazisində hərbi geyimli naməlum şəxsin Gürcüstan sərhədçisini girov götürərək sərhəd xəttinə doğru irəliləməsi barədə məlumat vermişdir.

Daxil olmuş məlumat əsasında dərhal təxirəsalınmaz işlər görülmüş, qeyd olunan istiqamətdə dövlət sərhədinin mühafizəsi gücləndirilmiş, həmin şəxslərin Azərbaycan ərazisinə keçmək cəhdinə yol verməmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.

Saat 13:10 radələrində Gürcüstan ərazisində 6-7 nəfərədək hərbi geyimli silahlı şəxsin (biri qeyri-sərhədçi, digərləri sərhədçi hərbi geyimində olmaqla) öz aralarında mübahisə edərək sərhəd xəttinə doğru hərəkət etmələri, onlardan birinin əlində əl qumbarasının olması və havaya atəş açması sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur.

Sərhəd naryadımız dərhal təhlükəsiz döyüş mövqeyi seçmiş və havaya xəbərdarlıq atəşi açmışdır. Xəbərdarlıq atəşindən sonra həmin şəxslər hərəkətlərini dayandırmış və bundan istifadə edən Gürcüstan sərhədçiləri hərbi geyimli şəxsi tərkisilah edə bilmişlər.

Saat 14:30 radələrində Gürcüstan tərəfi baş vermiş hadisənin qarşısının alınması və vəziyyətin tam nəzarətə götürülməsi barədə məlumat vermiş və əməkdaşlığa görə minnətdarlığını ifadə etmişdir.

Hadisə ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.


14.01.2020 17:32
2