First slide
Azərbaycanda pomidor üstündə qanlı dava: “Arvad-arvad danışma, “plyaj”a gəl...” - TƏFƏRRÜAT

Ağcabədi rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1980-ci il təvəllüdlü Şamxal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Panoram.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Şamxal Məmmədov dostu Namiq Kərimovla birlikdə öz vəsaiti hesabına Ağcabədinin Ağabəyli kəndi ərazisində qurdurduğu pomidor istixanalarına sonuncunun isitmə sistemini düzgün quraşdırmadığı ilə bağlı narazılığını bildirib.

İstixanada başlayan dava

Buna görə onların aralarında sonradan mübahisə yaranıb. Mübahisənin aydınlaşdırmaq üçün Namiq Kərimov Şamxal Məmmədovu Xocavənd kəndi ərazisindəki "plyaj" adlanan yerə çağırıb.

Orada onların mübahisəsi münaqişəyə çevrilib, Namiq Kərimov Şamxal Məmmədovu vurub, paltarının yaxasından tutaraq itələyib. Şamxal Məmmədov xəsarət alıb.

Bu zaman o, əynindəki gödəkcəsinin cibindən bıçaq çıxararaq Namiq Kərimova zərblər endirib.

Namiq Kərimovun ağır xəsarət aldığını görən Şamxal öz avtomobilində onu xəstəxanaya aparıb. Xəstəxanada tibbi yardım göstərilməsinə baxmayaraq o, təqribən 10 dəqiqə sonra ölüb.

Şamxal Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən adam öldürmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

"Hər şeyi ona etibar etdim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şamxal Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Ağcabədi şəhərində doğulub böyüsə də, Rusiya vətəndaşıdır və Moskva şəhərində yaşayıb: "Namiq Kərimov mənimlə telefonda danışanda təklif etdi ki, pul göndərim, Ağcabədi rayonunun Ağabəyli kəndi ərazisində geniş pomidor istixanası qursun, birlikdə pomidor becərib, pul qazanaq. Şifahi olaraq bu barədə razılaşdım.

Ağcabədi şəhər sakini olan yeznəm Samir Mürşüdovu da həmin işə cəlb etdim. Rusiyadan yeznəm Samir Mürşüdova hissə-hissə müxtəlif şəxslər vasitəsi ilə pul göndərdim. Sonuncu pulları Namiqə verdi, Namiq Ağabədi rayonunun Ağabəyli kəndi ərazisində anamın adına aldıqları 2,5 hektar ərazidə istixanalar qurdurdu. Namiq istixana işini yaxşı bildiyinə görə hər şeyi ona etibar etdim".

"Narahatçılığımı bildirdim"

Şamxal Məmmədov qeyd edib ki, Namiq Kərimov istixanaları qurub, orada istilik sistemini də öz bildiyi kimi qurdurub: "Bu müddətdə bir neçə dəfə özüm də istixanalara baş çəkdim. Hər şeyin qaydasında olduğunu gördüm. Havalar soyuyanda, şaxtalar düşəndə isə məlum oldu ki, Namiq istixanaların istilik sistemini düzgün quraşdırmadığından məhsul məhv olur. Buna görə çox narahat oldum. Sonuncu dəfə Azərbaycana gəldim, elə həmin gün aeroportdan Ağcabədi rayonuna, evimə yola düşdüm.

Ertəsi gün istixanaların olduğu yerə yollandım. İstilik sisteminin düzgün quraşdırılmamasına görə narahatlığımı orada Türkiyə vətəndaşı olan Yunis adlı bu işlə məşğul olan şəxsə, eləcə də Namiqə bildirdim. Yunisi də işə Namiq cəlb etmişdi".

"Səni Allaha tapşırıram"

Şamxal Məmmədov daha sonra ifadəsində Namiq Kərimovla aralarındakı mübahisədən danışıb. Bildirib ki, Namiq Kərimova məhsulun məhv olması səbəbindən ziyana düşdüyünü bildirib: "Öz telefonumun votsapı ilə Namiqə zəng etdim, narazılığımı bildirdim ki, Yunisi niyə öyrətmisən, işi buraxıb gedib? Namiq mənə votsapda "arvad-arvad niyə danışırsan, onu öyrədənin varyoxunu...", deyə cavab yazdı.

Namiqin söyüşlə danışmasından incidim, votsap vasitəsi ilə "Namiq, məni bu qədər ziyana salmısan, səni Allaha tapşırıram, qanını məndən uzaq elə" deyə cavab yazdım. Namiq isə təhqiramiz formada "səni Allaha da tapşırıram, peyğəmbərə də, sənin qabağından qaçdıqca elə bilirsən qorxuram, zəng edirəm görüm nə deyirsən" deyə cavab verdi. Namiqin dəfələrlə zəng etməsinə baxmayaraq telefonu açmadım ki, əsəbiləşməyim".

"Başqa heç nə danışmadım"

Şamxal Məmmədov qeyd edib ki, Namiq Kərimovun əl çəkmədiyini görüb və məcbur onun növbəti zənginə cavab verib: "Namiq harada olduğumu soruşanda, "Çaparidze" deyilən yerdə Rasimin anasının 40 mərasiminə getdiyimi, nə sözü varsa gəlib, orada deyə biləcəyimi dedim. O, razılaşmadı, təhqiramiz formada "gəl Xocavəndin yanına "plyaj"a, söhbətimizi edək, nə arvad-arvad danışırsan, səni gözləyirəm" - bildirdi.

Namiqin sözlərindən əsəbiləşdim, mənə bu qədər ziyan vurub, iş yerinə gəlmir, hələ bir məni görüşə də çağırır. Yas məclisinə girmədim, birbaşa rayonun Xocavənd kəndinə tərəf yollandım. Yolda olduğum vaxt Yunis adlı şəxs özü mənə zəng etdi. Görünür, Namiq ona zəng edib və deyib ki, mənimlə danışsın. Yunisə də, narazılığımı bildirdim. Yunislə başqa heç nə danışmadım".

"Yalvardı ki, onu bağışlayım"

Təqsirləndirilən şəxs daha sonra ifadəsində çağırılan yerə gəlməsindən, orada Namiq Kərimovla mübahisə etməsindən və qanlı olayın baş verməsindən bəhs edib.

O, qeyd edib ki, hadisə zamanı Namiq Kərimovun əlində balta olub. Bu səbəbdən bıçağı çıxararaq, onun əlindən baltanı almaq məqsədi güdüb.

Şamxal Məmmədov ifadəsində göstərib ki, Namiqi bıçaqla vurandan sonra onu öz maşını ilə xəstəxanaya apararkən yolda sonuncu onu bağışlamasını istəyib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Namiq Kərimov "Şamxal, məni bağışla, sən Allah, səhv məndə oldu, özümdən çıxmışdım, bilirəm, sən mənə çox yaxşılıqlar etmisən, səni də, özümü də işə saldım, uşaqlıq elədim, şeytan məni yoldan çıxartdı, az qalmışdı ki, səni öldürəm", - deyə bildirib: "Mən isə ona "sakit ol, daha olan oldu, şükür ki, salamatsan, bu dəqiqə həkimə çatdıracam, darıxma, danışma, özünü tox tut", - deyə bildirdim. Namiqi xəstəxanaya gətirdim, ona tibbi yardım göstərilsə də, bir qədər sonra dünyasını dəyişdi".

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şamxal Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Şamxal Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş edib.

Şikayət Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Kamil Bəşirovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Şikayət təmin olunmayıb.

Bu qərardan narazı qalan Şamxal Məmmədov üç dəfə ayrı-ayrılıqda Ali Məhkəməyə kasasiya şikayəti yazıb. Hər üç şikayətə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılmasına başlanılıb. Şamxal Məmmədov hər dəfə məhkəməyə yazdığı ərizəsində şikayətini geri götürdüyünü açıqlayıb.

Bu səbəbdən hakim heyəti onun kasasiya şikayətinə baxmayıb.


23.01.2020 21:20
334

Loading...
close
close