First slide
“Azərbaycan təhlükəsizlik tədbirlərini gücləndirməlidir” - Vəziyyət daha da gərginləşsə...

Xəbər verdiyimiz kimi, ABŞ-ın keçirdiyi əməliyyatla İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığına edilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymani öldürülüb. İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif isə hadisəni terror hadisəsi adlandırıb və bunun cavabsız qalmayacağını vurğulayıb.

Bəs görəsən, Amerika və İran arasında olan bu savaş bölgədəki vəziyyətə necə təsir edəcək? Trumpın "İraq, Suriya və Əfqanıstandan çıxmalıyıq" sözlərindən sonra bu addımı atması gözlənilən idimi? Bu belə bir vəziyyətdə neftin bahalaşmasının ölkəmizə hansı təsiri olacaq?

Bu suallarımıza cavab tapmaq üçün Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə əlaqə saxladıq. O, "Yeni Sabah"a açıqlamasında bu hadisənin Azərbaycana da təsir edə biləcəyini, ona görə də təhlükəsizlik tədbirlərinin gücləndirilməli olduğunu bildirib:

"Amerika İslam Keşikçiləri Korpusunu terrorçular siyahısına almışdı. Bu o deməkdir ki, onların istənilən hərbiçisi Amerikanın hədəfindədir. İkinci məsələ isə, Amerika səfirliyinə Bağdadda hücum oldu və Vaşinqton iddia etdi ki, məhz bunun arxasında İran dayanıb. Buna görə də o, Bağdada gedib və hücumu planlaşdırıb. Süleymani həqiqətən, İranın İraq və Suriyadakı hərbi birləşmələrini və silahlı tərəfdar qruplarını idarə edirdi. Ona görə də, öldürüldü. Bu gözlənilən idi. İran bunu cavabsız qoymayacaq. Çünki Süleymani İran üçün böyük fiqur sayılırdı. Bölgədə vəkalət savaşı başlayıb. Yəni, birbaşa savaş mümkün olmayanda başqa ərazilərdən savaşa başlanılır. Buna görə də Azərbaycan da təhlükəsizlik tədbirlərini gücləndirməlidir. 2020-ci ilə çox ağır başladıq. İranın Amerikaya birbaşa əli çatmır. İranda Amerika vətəndaşı yoxdur ki, həbs edilsin. Amma İranın İraqda, Livanda, Suriyada bəzi Ərəb ölkələrində tərəfdar qrupları var və həmin ölkələrdə də Amerikanın səfirlikləri var, vətəndaşları var. Yəni, ora mümkün hücumlar təşkil edilə bilər. Buna görə, mən fikirləşirəm ki, İrana qonşu olan bütün ölkələrdə səfirliklər gücləndirilmiş iş rejiminə keçsin. Vəziyyət daha da gərginləşsə, orada yaşayan soydaşlarımıza da təsiri olacaq".

Politoloq neftin bahalaşmasının nə Azərbaycan, nə də başqa ölkələr üçün xeyir gətirməyəcəyini söyləyib:

"Belə məsələlər nəticəsində neftin bahalaşması heç kimə xeyir gətirmir. Bölgədə vəziyyət gərginləşir. Nə olsun ki, neft bahalaşır və kimsə 5-10 dollar artıq pul qazanır. Belə qazanc xeyir gətirmir. Bunun nə Azərbaycana, nə başqa ölkəyə xeyiri yoxdur".


03.01.2020 13:01
306
Loading...